Xəbər verildiyi kimi, Hesablama Palatası ayrı-ayrı dövlət qurumlarında vəsaitlərin istifadəsi üzrə auditin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə aparılan yoxlama subyetlərindən biri də Azərbaycan Mərkəzi Bankı olub. Daha dəqiqi Palata Azərbaycan Mərkəzi Bankının maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirib və nəticələrini açıqlayıb.
Yoxlama Mərkəzi Bankın 2021-ci il və 2022-ci ilin 6 ayını əhatə edib. Xatırladaq k4i, 2022-ci ilin mayında Mərkəzi Bankın rəhbərliyi dəyişib, quruma rəhbərlik edən Elman Rüstəmov vəzifəsini tərk edib, onun yerinə Taleh Kazımov təyin edilib. Palatanın yoxlaması da 2021 və 2022-ci ilin ilk yarısını, yəni Elman rüstəmovun rəhbərlik etdiyi dövrü əhatə edir.
Audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir:
Palata xüsusi qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb. Mərkəzi Bank tərəfindən büdcə “Azərbaycan Respublikasının Mərkəzi Bankında büdcə planlaşdırılması və icrasına nəzarətin prosedur Qaydaları”nın tələbləri nəzərə alınmaqla və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanmışdır. Bu da öz növbəsində maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır.
Bununla yanaşı, pozuntular da aşkar edilib. Beləliklə...
Mərkəzi Bankın ayrı-ayrı illər və obyektlər üzrə İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməmiş və ya müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilmişdir.
Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılmış və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən “İstismara icazə Aktı” tərtib və təsdiq edilməmişdir. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılmışdır.
Bundan başqa, hesablama Palatası aşkar edib ki, mühasibat uçotu üzrə uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinə görə qalıq məbləği göstəriciləri ilə 31.12.2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatlarının və “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ın göstəriciləri arasında uyğunsuzluqlar olub. Yəni 276,4 min manat dəyərində olan əsas vəsaitlər “Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, “Mebel və avadanlıqlar” sinfində uçota alınıb.
Bundan başqa, “Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103 358,0 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmamışdır.
Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmamışdır.
Elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə isə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləğinin hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin edilməmişdir.
Mərkəzi Bank korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən etmiş, onlara nail olunması üçün funsional alət və prosedurları tətbiq etməklə bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin etmişdir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yanaşı, uçotun Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun aparılmasını təmin etmiş, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmiş və ictimailəşdirilməsi üçün internet saytında yerləşdirmişdir.