Mərkəzi Bank nəzarət subyektinin maliyyə dayanıqlılığını, risk profilini qiymətləndirmək, nəzarət subyektinin fəaliyyətinin maliyyə bazarlarını tənzimləyən qanunlara və normativ xarakterli aktlara uyğunluğunu yoxlamaq, tətbiq edilmiş təsir, təshih tədbirlərinin və sanksiyaların, icrası məcburi olan digər göstərişlərin icra vəziyyətini müəyyən etmək məqsədilə yoxlamalar keçirəcək.
Azərbaycan Mərkəzi Bankının funksiyaları yenidən - MÜƏYYƏN OLUNUR
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yoxlamalar dövriliyinə görə planlı və plandankənar, əhatə dairəsinə görə hərtərəfli və ya tematik olaraq bu Qanuna və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır. Bu zaman yoxlamaların müddəti 45 (qırx beş) iş günündən çox olmayaraq müəyyən edilir. Yoxlamanın aparılması məqsədilə müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxsin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 45 (qırx beş) iş günü müddətinə qədər uzadıla bilər. Planlı yoxlamalar nəzarət subyektinin risk profilinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən yoxlamalar planı üzrə aparılır. Planlı yoxlamalar hərtərəfli və ya tematik olmaqla eyni nəzarət subyektinə münasibətdə ildə bir dəfədən çox olmayaraq aparıla bilər.
Plandankənar yoxlamalar hərtərəfli və ya tematik olmaqla aşağıdakı hallarda aparıla bilər:
- Mərkəzi Banka təqdim edilən hesabatların təhlili və digər mənbəyi məlum olan məlumatlar əsasında nəzarət subyektində:
- kapital adekvatlılığı, likvidlik və ya ödəmə qabiliyyəti göstəricilərinin pisləşdiyi müşahidə edildikdə, o cümlədən aktivlərin itirilməsi təhlükəsi yarandıqda;
- aktivlərin keyfiyyəti və maliyyə vəziyyətini xarakterizə edən göstəricilər kəskin və ya davamlı olaraq pisləşdikdə, yaxud dəyişdikdə;
- aktivlərin fiziki mövcudluğuna dair əsaslı şübhə yarandıqda;
- öhdəliklərin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlər əhəmiyyətli səviyyədə, yaxud davamlı olaraq azaldıqda;
- idarəetmə sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların meydana çıxdığı müəyyən edildikdə;
- qanunvericiliyin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb olunduqda;
- təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə;
- maliyyə bazarlarına nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində xarici maliyyə bazarlarının tənzimlənməsi və nəzarət orqanlarının sorğuları daxil olduqda;
- müvafiq nəzarət subyekti barəsində yoxlamanın aparılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda;
- istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb olunduqda;
- nəzarət subyektinə tətbiq edilmiş təsir, təshih tədbirlərinin, sanksiyaların və icrası məcburi olan digər göstərişlərin icra vəziyyəti yoxlanıldıqda, habelə həmin göstərişlərin icrası barədə Mərkəzi Banka müəyyən edilmiş müddət ərzində məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu aşkar edildikdə;
- maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulan digər hallarda.
Yoxlama planı və yoxlama barədə qərar Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq edilir. Yoxlama barədə qərarda nəzarət subyektinin adı və ünvanı, yoxlamanın başlanma tarixi və müddəti, növü, əhatə dairəsi, yoxlama plandankənar olduqda onun təyin edilməsinə əsas verən hal, yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, habelə yoxlamanın dövrü qeyd edilir. Yoxlamalar Mərkəzi Bankın əməkdaşları və (və ya) Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar (yoxlayıcılar) tərəfindən həyata keçirilir. Yoxlayıcıların tərkibinə qarşılıqlı fəaliyyət prinsipi əsasında Mərkəzi Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı xarici ölkənin nəzarət orqanının əməkdaşları və digər şəxslər (ekspertlər, mütəxəssislər) də daxil edilə bilərlər.
Nəzarət subyektinə planlı yoxlamanın başlanmasına azı 7 (yeddi) iş günü qalmış, plandankənar yoxlama zamanı isə azı 2 (iki) iş günü qalmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlama barədə qərara müvafiq olaraq yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi, habelə yoxlamanın dövrü və müddəti qeyd edilir. Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektində əvvəlcədən məlumatlandırmadan yoxlama aparıla bilər. Yoxlama bu barədə qərar təqdim edilməklə həyata keçirilir. Nəzarət subyekti yoxlayıcının işinin təmin edilməsi üçün şərait yaradır, o cümlədən ayrıca yer ayırır və yoxlayıcını lazımi texniki avadanlıqlarla (kommunikasiya vasitələri, surətçıxarma aparatları, çap avadanlıqları və s.) təmin edir. Yoxlamanın nəticələri yoxlama başa çatdıqdan sonra 30 (otuz) təqvim günü ərzində iki nüsxədə (yoxlama məhkəmənin qərarı əsasında aparıldıqda, üç nüsxədə) tərtib olunan yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Yoxlama haqqında hesabatın bir nüsxəsi hazırlandığı gündən 3 (üç) iş günü ərzində nəzarət subyektinə təqdim olunur və ya elektron üsulla, yaxud alınmasını təsdiq edən poçt vasitəsilə nəzarət subyektinə göndərilir. Nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama haqqında hesabatı aldığı gündən 7 (yeddi) iş günü ərzində onu imzalayaraq Mərkəzi Banka təqdim edir. Yoxlama hesabatı bu müddət ərzində təqdim edilmədikdə, Mərkəzi Bank özündə olan yoxlama hesabatına müvafiq qeyd əlavə edir. Nəzarət subyektinin yoxlama hesabatına dair izahatı (etirazı) olduqda nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama hesabatını imzalayır və öz izahatını (etirazını) hesabata əlavə edir. Nəzarət subyektinin verdiyi izahat (etiraz) əsaslı hesab edildikdə yoxlama qrupu yoxlama haqqında hesabatda müvafiq dəyişiklik edir.
Mərkəzi Bank yoxlamanın nəticələri ilə bağlı yekun qərarını qanunda nəzərdə tutulmuş müddət bitdikdən sonra 30 (otuz) təqvim günü müddətində qəbul edir və bu barədə nəzarət subyektinə yazılı məlumat göndərir. Yoxlama haqqında hesabatın forması və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Yoxlamanın nəticələri üzrə şikayətin verilməsi ilə əlaqədar məhkəməyə açıqlanması halları istisna olmaqla nəzarət subyekti yoxlama haqqında hesabatı Mərkəzi Bankın razılığı olmadan açıqlaya bilməz. Nəzarət subyekti yoxlamanın nəticələri üzrə Mərkəzi Bankın qəbul etdiyi qərardan məhkəməyə şikayət verə bilər. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Yoxlayıcıların aşağıdakı hüquqları vardır:
- nəzarət subyektinə, onun filial, şöbə və nümayəndəliklərinə, habelə onun törəmə cəmiyyətlərinə daxil olmaq və onların fəaliyyəti ilə bağlı istənilən sənədləri, o cümlədən apardığı müştəri əməliyyatları, bağladığı əqdlərlə bağlı sənədləri, daxili reqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.), hesabatları, mühasibat reqlamentini və digər sənədləri tələb etmək, onların surətlərini götürmək, yoxlamaq, onlara dair nəzarət subyektinin və onun törəmə cəmiyyətinin rəhbər işçiləri və əməkdaşlarından izahat almaq;
- nəzarət subyektinə aidiyyəti olan şəxslərlə bağlı lazımi məlumat və sənədləri, o cümlədən onların idarə edilməsi və cari fəaliyyətinə aid lazımi informasiyanı əldə etmək, habelə nəzarət subyektinə aidiyyəti olan şəxslərdən, o cümlədən qanuna müvafiq olaraq nəzarət subyektinə əhəmiyyətli nəzarəti həyata keçirən və ya nəzarət subyektinin əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslərdən, nəzarət subyektinin auditini aparan və ya aparmış auditorlardan, invesitisiya fondunun qiymətləndiricisindən və depozitarından və nəzarət subyektinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə həmin şəxslərdən yoxlamanın aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları əldə etmək;
- nəzarət subyektinin avtomatlaşdırılmış əməliyyat və idarəedici informasiya sistemlərinə, məlumat bazalarına çıxış əldə etmək və həmin sistemlərdən məlumatlar götürmək;
- yoxlama zamanı surətçıxarma və digər texniki vasitələrdən istifadə etmək;
- maliyyə bazarlarını tənzimləyən hüquqi aktların pozulmasına dair şübhə olduqda müvafiq sənədlərin və aktivlərin yerləşdiyi yeri yoxlamanın aparılması üçün tələb olunan müddətdə, lakin 3 (üç) iş günündən çox olmayaraq möhürləmək, bu şərtlə ki, həmin hal nəzarət subyektinin cari fəaliyyətinin dayandırılmasına səbəb olmasın;
- yoxlanılan nəzarət subyektinin fəaliyyəti ilə bağlı məsələlər barədə nəzarət subyektinin rəhbər işçiləri və əməkdaşları ilə müzakirələr aparmaq.
Yoxlayıcılar yoxlama zamanı aşağıdakı vəzifələri həyata keçirirlər:
- yoxlamaya başladıqda yoxlama barədə qərarı və şəxsiyyətini təsdiq edən sənədi nəzarət subyektinə təqdim etmək;
- yoxlamanı yoxlama barədə qərarda göstərilənlərə uyğun olaraq həyata keçirmək;
- yoxlama zamanı götürülmüş sənədlərin əslini yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra nəzarət subyektinə qaytarmaq;
- yoxlama zamanı əldə edilmiş sənədlərin, məxfi məlumatların, bank sirrinin və qanunla müəyyən edilmiş digər konfidensial məlumatların qorunmasını təmin etmək.
Yoxlayıcılar son 1 (bir) il ərzində yoxlama apardıqları nəzarət subyekti tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verildiyi tarixdən 1 (bir) il müddətində Qanunla müəyyən edilmiş rəhbər (inzibatçı) vəzifələrə işə götürülə bilməzlər.