Azərbaycan Mərkəzi Bankının (AMB) funksiyalarının sayının 9-dan 11-ə çatdırılması və yenidən müəyyən olunması təklif edilir.
FED.az xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB-nin yenilənmiş funksiyaları aşağıdakılardır:
- 5.1.1. dövlətin pul və məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi;
- nağd pul dövriyyəsinin təşkil edilməsi, Konstitusiyanın 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasının və tədavüldən çıxarılmasının həyata keçirilməsi;
- manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin mütəmadi müəyyən edilməsi və elan edilməsi;
- sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;
- beynəlxalq standart və metodologiyalara uyğun olaraq monetar, maliyyə bazarları və ödəniş sistemləri üzrə statistikanın, ölkənin tədiyə balansının, beynəlxalq investisiya balansının və icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və yayılmasının təmin edilməsi, habelə ölkənin tədiyə balansının proqnozlaşdırılmasında iştirak edilməsi;
- maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi;
- ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi;
- maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması;
- “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi;
- əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi;
- bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaların həyata keçirilməsi.