Mərkəzi Bankın sədri Taleh Kazımovun kommersiya banklarının rəhbərləri ilə növbəti görüşü keçirilmişdir.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankında media nümayəndələri üçün təlim - KEÇİRİLİB - FOTO
FED.az xəbər verir ki, görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olmuşdur.
Ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələri xüsusi qeyd edən Mərkəzi Bankın sədri T.Kazımov bildirdi ki, həyata keçirilən quruculuq islahatları və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir. Eyni zamanda bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdıraraq vurğuladı ki, ölkədə maliyyə inklüzivliyinin inkişafında bank sisteminin aparıcı rolunun daha da gücləndirilməsi, müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə yeni hədəflərə nail olunması və digər istiqamətlərdə işlər bundan sonra da fəal davam etdiriləcək.
Daha sonra ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin bank sektoru üzrə son trendlər və risklər mövzularında təqdimatlar oldu, sual-cavab sessiyası keçirildi, həmçinin irəli sürülən məsələlər barədə müzakirələr aparıldı.
Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki makroiqtisadi və maliyyə sabitliyi, maliyyə inklüzivliyinin artırılması, bankçılıqda cari və strateji inkişaf məsələləri və dayanıqlı inkişaf meyillərilə bağlı fikirlərini bildirdilər.