Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) mətbuat nümayəndələri üçün "İnflyasiya: mahiyyəti və səbəbləri" mövzusunda növbəti təlim keçirilib.
Eləcə də bax: Mərkəzi Bank lizinq şirkətlərinə nəzarət edəcək - YENİLİK
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qurum bəyan edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyatı üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
Media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər AMB-nin siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasi mesajların ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılmasına, ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılmasına xidmət edir. Bu məqsədlə AMB media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, mərkəzi bankçılıq, həmçinin maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər təşkil edir.
Bu prosesin davamı olaraq milli mətbuatın 147-ci ildönümü ərəfəsində, eləcə də AMB-nin 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasından irəli gələn vəzifələrin reallaşmasına töhfə vermək məqsədilə növbəri təlim təşkil olunub. Təlim iştirakçılarına inflyasiya proseslərinin nəzəri mahiyyəti, hazırda dünya iqtisadiyyatında baş verən qiymət artımları, ölkəmizdə antiinflyasiya tədbirləri, o cümlədən Mərkəzi Bankın qiymətlərin sabitliyi ilə bağlı siyasət qərarları barədə ətraflı məlumat verilib.
Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra təlim iştirakçılarının AMB-nin sədri Taleh Kazımovla görüşü keçirilib.