Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.
Mərkəzi Bankın sədrinə yeni müşavir - TƏYİN EDİLİB - FOTO
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Mahmudzadə də baş direktor təyin edilib.
Mərkəzi banka yeni təyin olunan baş direktorlar:
Rəna Məlikova
1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirmişdir.
Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
İki övladı var.
***
Rəşad Məmmədov
1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nin Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlamışdır. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də Əməliyyat departamentinin Ödəniş vasitələri və klirinq şöbəsinin mütəxəssisi, Klirinq hesablaşmaları şöbəsinin aparıcı mütəxəssisi, Plastik kartlar üzrə əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi vəzifələrində işləmişdir.
2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də Xarici iqtisadi əlaqələr, mübadilə məntəqələrinin işinin təşkili və nəzarəti şöbəsinin aparıcı mütəxəssisi kimi davam etdirmiş, 2006-2008-ci illərdə Müştəri xidmətləri departamentinin Plastik kartlar şöbəsinin rəisi, 2008-2009-cu illərdə həmin departamentin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi vəzifələrində işləmişdir.
2009-2010-cu illərdə “Rabitəbank” ASC-də Daxili audit bölməsinin auditoru, 2010-2014-cü illərdə bankın “Mərkəz” və “Nizami” filiallarının müdiri, 2014-2015-ci illərdə Müştəri xidməti departamentinin direktoru vəzifələrində işləmişdir.
2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində işləmişdir.
2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləmişdir.
2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.
***
Şahin Mahmudzadə
1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirmişdir, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil almışdır, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnmişdir.
Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlamışdır.
2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsində işləmişdir.
2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.
Ailəlidir.
Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb:
1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə