Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin müşaviri təyin edilib.
“Bakı Fond Birjası”na yeni sədr təyin edildi - YENİ TƏYİNATLAR
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Beləliklə, Mərkəzi Bankın sədri Taleh Kazımovun müşavirlərinin sayı 4-ə çatıb.
Rəşad Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələri ilə bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nın Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlamışdır. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də Əməliyyat departamentinin Ödəniş vasitələri və klirinq şöbəsinin mütəxəssisi, Klirinq hesablaşmaları şöbəsinin aparıcı mütəxəssisi, Plastik kartlar üzrə əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi vəzifələrində işləmişdir.
2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də Xarici iqtisadi əlaqələr, mübadilə məntəqələrinin işinin təşkili və nəzarəti şöbəsinin aparıcı mütəxəssisi kimi davam etdirmiş, 2006-2008-ci illərdə Müştəri xidmətləri departamentinin Plastik kartlar şöbəsinin rəisi, 2008-2009-cu illərdə həmin departamentin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi vəzifələrində işləmişdir.
2009-2010-cu illərdə “Rabitəbank” ASC-də Daxili audit bölməsinin auditoru, 2010-2014-cü illərdə bankın “Mərkəz” və “Nizami” filiallarının müdiri, 2014-2015-ci illərdə Müştəri xidməti departamentinin direktoru vəzifələrində işləmişdir.
2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində işləmişdir.
2023-cü ilin noyabr ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.