2022-ci ildə Azərbaycanda pul siyasətinin yeni alətlərinin tətbiqinə başlanılıb.
Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə - BƏYANATI
FED.az xəbər verirki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Sənəddə deyilirki, banklar üçün daimi imkan alətləri işə salınmış və açıq bazar əməliyyatlarının çeşidi artırılmışdır. Daimi imkan aləti olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının tətbiqinə başlanılmışdır.
Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi istiqamətində sterilizasiya məqsədilə zəruri hallarda 1,3,6 və 9 aylıq notlarla yanaşı, 7 günlük repo hərraclarının keçirilməsi məqsədəuyğun sayılmışdır. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq 7 günlük əks-repo hərraclarının keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bankın təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olmuşdur. Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456.6 mln. manat olmuşdur.
Mərkəzi Bank 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirmişdir. Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1170 mln. manat təşkil etmişdir.