Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması və gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Eləcə də bax: Təcili: ABB öz səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK – 125 MİLYON MANAT
FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu çərçivədə Mərkəzi Bank tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilmiş, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunmuşdur.
"Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 milyon ABŞ dolları həcmində vəsait satılmışdır", -məlumatda bildirilir.
Qeyd edilib ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları həcmində artmışdır.
"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır", - məlumatda bildirilir.
Xəbər verdiyimiz kimi, 30.06.2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 371.9 milyon dollar təşkil etmişdi. May ayının sonu ilə müqayisədə ehtiyatlar 141.2 milyon dollar artmışdı. 31.05.2022-ci il tarixində Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 230.7 milyon dollar təşkil etmişdi. 2022-ci ilin ilk yarısında isə Mərkəzi Bankın valyuta ehtiyatları 296.9 milyon dollar artmışdı.