2021-ci ildə büdcə qarşısında əsas risklərdən biri Azərbaycan manatının ABŞ dolları və digər valyutalar qarşısında dəyərdən düşməsidir.
Eləcə də bax: «Neft Fondunun vəsaitləri tükənə bilər» - HÖKUMƏTDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə 2021-ci il üzrə dövlət büdcəsi layihəsi ilə bağlı hökumətin izahatında bildirilir.
Sənəddə deyilir ki, 2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub.
Bununla yanaşı, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.
Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri - neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır.
Xatırladaq ki, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də dövlət büdcəsinin tərtibi zamanı 1 ABŞ dollarının məzənnəsi 1,7 manat olaraq nəzərə alınıb.
Hökumət bildirir ki, manat dollar qarşısında zəifləsə, bu - dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artmasınə səbəb ola bilər, yəni belə bir risk də mümkündür.
Sənəddə bildirilir ki, pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur.
Bununla yanaşı, hökumət bildirir ki, hal-hazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır.
Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur.