Dünya bazarında neftin qiymətinin aşağı olması Dövlət Neft Fondunun gəlirlərinin azalmasına və onun vəsaitlərinin tükənmməsi nə səbəb ola bilər.
Eləcə də bax: Maliyyə Nazirliyi: Manatın dollara qarşı dəyərdən düşməsi risk olaraq qalır
FED.az xəbər verir ki, bu barədə hökumətin 2021-ci il üzrə dövlət büdcəsi layihəsi üzrə izahatında bildirilir.
Sənəddə deyilir ki, 2020-ci ildə OPEC+ ölkələri arasında xam neft hasilatının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı sazişin əldə olunması və son aylarda COVID-19 infeksiyasına qarşı uğurlu peyvənd sınaqları xam neft qiymətlərinin artımına müsbət təsirini göstərib.
Sənəddən məlum olur ki, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlərə və bu sahədəki tədbirlərə baxmayaraq, neft sektoru ölkə iqtisadiyyatı üçün həlledici təsirə malikdir.
Belə ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycanda neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payı 54,6 faiz, və ölkənin ixracında payı 87,2 faiz olub.
Bunu nəzərə alanda neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır.
Doğrudur, hökumət bildirir ki, dövlət büdcəsinin tərtibi zamanı dövlət büdcəsinə edilən transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir.
Daha sadə desək, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi neftin qiymətindən və valyuta məzənnəsindən asılı deyil.
«Bununla belə, neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər»-deyə hökumət bildirir.
Neftin qiymətlərində müşahidə olunan mənfi dinamikanın dövlət büdcəsinə birbaşa təsiri isə Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dövlət büdcəsinə ödədiyi vergilərdəki azalmaların hesabına baş verir.
Hökumət bu izahatda bildirir ki, neftin qiyməti 2021-ci il üçün büdcəsində nəzərdə tutulduğu kimi 40 dollar deyil, 35 dolları olarsa, bu təsir özünü təkcə neft deyil, həm də qeyri-neft sektorunun gəlirlərində göstərəcək. Belə ki, bu hal baş versə, dövlət büdcəsinin qeyri-neft gəlirləri 0,5 faiz, ümumilikdə dövlət büdcəsinin gəlirləri 1,3 faiz azala bilər.
Xam neftin hasilatının azalması (o cümlədən, OPEC+ ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) da icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər.