2021-ci ilin 9 ayı ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.
FED.az Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, manatın məzənnəsi avroya, türk lirəsinə, isveçrə frankına, funt-sterlinqə və yapon yeninə qarşı bahalaşmış, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşmışdır.
Qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi (NEM) 2.1%, real effektiv məzənnəsi (REM) isə 2.9% bahalaşmışdır.
Qeyd eddək ki, manatın real effektiv məzənnəsinin (REM) ucuzlaşması qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir edir. 2021-ci ilin 9 ayı ərzində, 2014-cü ilin sonu ilə müqayisədə REM 28.9% ucuzlaşıb. 2014-cü ilin sonu ilə müqayisədə REM-in ucuzlaşması 2019-cu ilin sonunda 33.6%, 2020-ci ilin sonunda 30.9% təşkil etmişdi. Beləliklə, manatın real effektiv məzənnəsinin ucuzlaşması nisbəti azalmaqdadır, bu da qeyri-neft sektorunun xarici bazarlarda rəqabət qabiliyyətinin aşağı düşməkdə olduğu deməkdir. (Marja)