2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $2,7 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4% azdır.
Eləcə də bax: Azərbaycana xaricdən pul köçürmələri - 19% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $2,7 milyard təşkil edib. Bunun 85,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - AMB-dən bildirilir.
Cari ilin üçüncü rübündə əməliyyatların həcmi $0,8 milyard, ikinci rübdə -$0,8 milyard (I rübdə $1,1 milyard) təşkil edib.
AMB-nin məlumatına görə, son 6 ay ərzində banklar tərəfindən xarici valyuta alışı satışların həcmini ötür.
Yanvar-sentyabr aylarında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq $19,2 milyard olub. “Nağdsız valyuta əməliyyatlarının 85,9%-i ABŞ dollarında, 14,1%-i isə digər valyutalarda aparılıb”, AMB-dən qeyd olunur.
Hesabat dövründə nağdsız valyuta əməliyyatlarının 28,7%-i banklararası valyuta bazarında (BVB), 71,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.