2022-ci ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunmuşdur.
FED.az nazirliyə istinadən xəbər verir ki, həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilmişdir.
Yuxarıda qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olmuşdur. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 96.926,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 33.330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunmuş və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmişdir (Əlavə N-1).
Xidmətin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunmuş iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 2919,4 min manat məbləğində artıq və əsassız ödənişlərin 108,0 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilmiş, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 2811.4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir.
Bununla yanaşı, Xidmət tərəfindən dövlət orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənlər yoxlanılmış, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunmuş və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Yoxlamalar zamanı nəzarət obyektlərində, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına yoxlama materialları göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 25 nəfər vəzifəli şəxsə 16,5 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Xidmətin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilmiş, müvafiq tövsiyələr verilmişdir (Əlavə N-2).