2025-ci il iyulun 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 mln manat məbləğində kreditə zəmanət verilib ki, bunun da 38,2 mln manatı cari ilin yanvar-iyun aylarının payına düşür.
FED.az bu barədə Fonda istinadən xəbər verir.
6 ayda İpoteka Fondunun xəttilə 232,5 milyon manat ipoteka krediti verilib
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 28 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 5700 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.