İsveçrə aprelin 8-də Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi beşinci sanksiyalar paketinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərə başlayıb.
Eləcə də bax: Böyük Britaniya "Aznar"ın sahibinə sanksiya - TƏTBİQ ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkənin gördüyü tədbirlər nəqliyyat qadağaları istisna olmaqla Aİ-nin sanksiyalar paketinə uyğundur. Aprelin 27-si qüvvəyə minən sanksiyaların tam siyahısı “White & Case” beynəlxalq hüquq firmasının saytında dərc olunub. Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və oliqarx Oleq Deripaskanın, həmçinin prezident Vladimir Putinin ailə üzvlərinin və İsveçrədəki bir çox rusiyalı məmurların bank hesablarını və digər aktivlərini dondurur.
İsveçrə də siyahıya 18 təşkilatı, o cümlədən dörd Rusiya bankını daxil edib. Bunlar “VTB”, “Sovkombank”, “Novikombank” və “Otkritie”, eləcə də müdafiə, elektronika, gəmiqayırma və nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif şirkətlərdir.
Xatırladaq ki, Fərhad Əhmədov Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi əvvəlki sanksiyalar paketindən çıxarılmışdı. Lakin 5-ci paketə onun da adı əlavə edilmişdi.
İsveçrə Rusiyada istehsal olunan kömür və digər bərk növ yanacaqların alınmasına, idxalına, tranzitinə və daşınmasına qadağa qoyub. Qadağa həmçinin müvafiq texniki, broker və digər xidmətlərə, eləcə də maliyyələşdirmə və müxtəlif növ maliyyə yardımlarına şamil edilir.
Rusiya sənayesinin inkişafı və ya Rusiyada istifadə üçün nəzərdə tutulmuş geniş çeşiddə malların, habelə əlaqəli xidmətlərin Rusiyaya satışı, tədarükü, ixracı, tranziti və daşınması da qadağandır. Bu qadağa 500-dən çox maddəyə şamil edilir.