2025-ci ilin birinci yarımilində Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 357,9 milyon manat, xərcləri isə 19 milyard 593,7 milyon manat təşkil edib. Nəticədə, hesabat dövründə icmal büdcədə 4 milyard 764,2 milyon manat profisit yaranıb. Büdcə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5 milyon manat, xərcləri isə 1 milyard 394,8 milyon manat çox olub.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Hesabat dövründə icmal büdcəyə daxil olan digər büdcələrin göstəriciləri aşağıdakı kimi olub:
Dövlət Neft Fondu: Gəlirlər 8 milyard 815,9 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% az), xərclər 7 milyard 264,8 milyon manat (13,5% çox).
Dövlət Sosial Müdafiə Fondu: Gəlirlər 3 milyard 962,9 milyon manat (16,3% çox), xərclər 3 milyard 743,5 milyon manat (9,5% çox).
İcbari Tibbi Sığorta Fondu: Gəlirlər 1 milyard 253,8 milyon manat (7,0% çox), xərclər 1 milyard 15,4 milyon manat (27,6% çox).
İşsizlikdən Sığorta Fondu: Gəlirlər 121,4 milyon manat (21,7% az), xərclər 84,4 milyon manat (26,0% çox).
Naxçıvan MR-in büdcəsi: Gəlirlər 213,2 milyon manat (18,3% az), xərclər 203,2 milyon manat (6,1% çox).