2025-ci il iyulun 1-i tarixinə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat təşkil edib. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19,6%-nə bərabərdir.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Ümumi dövlət borcunun strukturuna nəzər saldıqda, borcun əsas hissəsi – 17 milyard 177,4 milyon manatı (66,8%) daxili borcun payına düşür. Xarici dövlət borcu isə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil edir ki, bu da ümumi borcun 33,2%-i deməkdir.
Hesabat dövründə dövlət borcuna xidmət üçün büdcədən 1 milyard 27,5 milyon manat vəsait xərclənib. Bu vəsaitin 328,7 milyon manatı daxili dövlət borcu üzrə faiz ödənişlərinə, 698,8 milyon manatı isə xarici dövlət borcuna xidmətə yönəldilib. Xarici borca xidmət xərclərinin 498,5 milyon manatını əsas borc, 200,3 milyon manatını isə faiz ödənişləri təşkil edib.