2024-cü ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 36 milyard 388,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 6,5 faiz çoxdur.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsinin gəlirlərinin 48,8 faizi və ya 17 milyard 769,0 milyon manatı neft-qaz sektorunun, 51,2 faizi və ya 18 milyard 619,0 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.
2024-cü ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 605,0 milyon manat və ya 3,5 faiz, qeyri-neft/qaz sektoru üzrə isə 1 milyard 610,0 milyon manat və ya 9,5 faiz artması gözlənilir.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 1,4 faiz-bənd artaraq 51,2 faiz təşkil edəcəkdir.
Dövlət büdcəsi gəlirlərinin 15 milyard 270,0 milyon manatı və ya 42,0 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 435,0 milyon manatı və ya 17,7 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250,0 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmanın payına düşür.