2021-ci ilin dövlət büdcəsi üçün vacib məqamlardan biri də ölkədə iqtisadi fəaliyyətin stimullaşdırılması olmalıdır.
Eləcə də bax: “Özəlləşmədən daxilolmalar hər il ən azı 1 milyard manat olmalıdır”
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. İqtisadi fəaliyyyətin stimullaşdırılması –Azərbaycanda biznes və digər iqtisadi fəaliyyətlə bağlı daha yaxşı şəraitin yaradılması nəzərdə tutulur. Palata sədri bildirib ki, məhz iqtisadi imkanlar sosial funksiyaların yerinə yetirilməsi imkanlarını formalaşdırır və dövlətin digər funksiyalarının yerinə yetirilməsinə şəraiti yaradır.
Bununla yanaşı, paralel olaraq vergi və gömrük nəzarəti də güclənməlidir. Palata sədri hesab edir ki, «ilk növbədə, vergi və gömrük potensialının reallaşdırılması və genişləndirilməsi məsələləri diqqətdə saxlanılmalı, inzibatçılığın gücləndirilməsi tədbirləri ön plana çıxmalıdır».
«Fikrimizcə, cari ildə olduğu kimi, növbəti il üçün də kölgə iqtisadiyyatının azaldılması büdcə-vergi siyasətində əsas istiqamətlərdən biri kimi müəyyən edilməlidir, lakin daha təkmil yanaşma tətbiq olunmaqla vergi gəlirlərinin potensialının hesablanmasında əsas meyarlardan olan “kölgə iqtisadiyyatı” və “vergi boşluğu” üzrə göstəricilər dünyada mövcud olan təkmil təcrübələrdən istifadə edilərək hesablanılmalı, həmin göstəricilər üzrə konkret tədbirlər və hədəflər sənədlərdə əks olunmalıdır»-deyə V.Gülməmmədov bildirib.