Hesablama Palatası bir sıra dövlət qurualarında müxtəlif istiqamətlər üzrə vəsmitlərin xərclənməsi üzrə aparılan yoxlamaların nəticələrini açıqlayıb.
Pambıqçılıq sahəsində subsidiya mexanizmi effekt verməyib - PALATA
Palatadan FED.az-a verilən məlumata görə, bu qurumlardan biri Mədəniyyət Nazirliyi olub. Palatanın 2022-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində apardığı audit Nazirliyin 2020-2021-ci illərdə keçirdiyi dövlət satınalmalarını əhatə edib.
Araşdırma zamanı satınalmaların qanuna uyğune olub-olmamvsı, bu sahədə daxili nəzarətin hansı vəziyyətdə olduğu araşdırılıb və maraqlı nəticələr əldə edilib. Ümumilikdə Palatanın yoxlaması 26 milyon 217,5 min manatlıq vəsaiti əhatə edib.
Audit nəticəsində olduqca maraqlı nəticələr, o cümlədən pozuntular aşkar edilib. Beləliklə...
Məlum olub ki, göstərilən dövrdə nazirlikdə satınalmalar planlaşdırılmayıb və ya lazım olan vaxtda planlaşdırılmayıb. Nəticədə dövlət dövlət ehtiyacları üçün satınalmalar zamanı mal və xidmətlərin dəyərinin ödənişi zamanı rəqabətli mühit yaranmayıb. Daha sadə desək, daha ucuz qiymətə alına bilən mal və xidmətlər daha baha alınıb.
Yoxlama göstərib ki, 2020-2021-ci illərdə nazirlikdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqı tender və ya digər satınalma proseduru olmadan ödənilib.
Ehtimal edilən qiymət düz hesablanmayıb
Bundan başqa, məlum olub ki, bəzi hallarda nazirlikdə tenderlər elan ediləndə ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensial tam diqqətə alınmayıb və ya ehtimal olunan qiymət düzgün müəyyən edilməyib. Nəticədə eyni mala və ya xidmətə görə nazirlik daha yüksək məbləğ ödəyib. Daha dəqiqi, nazirlik belə tenderlərlə ümumilikdə 5 milyon 058,6 min manat məbləğində ödəniş edib halbuki, bu vəsaitin 25,2%-i, yəni 1 milyon 275 min manat artıq ödənilib.
Üstəlik Hesablama Palatası yoxlama aparılan illəri və daha əvvəlki dövrdəki qiymətləri araşdırıb, məlum olub ki, alınan mal və xidmətləri daha aşağı qiymətə almaq mümkün idi.
Nazirliyin keçirdiyi tenderlərin yoxlanması zamanı da maraqlı nəticələr ortaya çıxıb.
Məlum olub ki, bir sıra hallarda əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənar edilməyib, əksinə bəzi hallarda məhz həmin iddiaçılar qalib gəlib. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.
Yoxlamada o da məlum olub ki, müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1 240 min manat vəsait ödənişi həyata keçirilib. Bu isə nazirliyin sonradan keçirilən tenderlərinin formal olduğunu göstərir.
Digər maraqlı nəticələr tenderlər üzrə bağlanan müqavilələrin necə icra edilməsinə aiddir.
Yoxlama göstərib ki, bbəzi hallarda bağlanmış müqavilələrin şərtlərinə əməl edilməyib.
Nəticədə nazirlik dövlət vəsaitini ilin sonunda büdcəyə qaytarmamaq üçün həmin vəsaiti tenderi udmuş, amma hələ işi yerinə yetirməmiş şirkətlərin hesabına köçürüb. Nəticədə 2 milyon 27 min manat məbləğ podratçıların sərəncamında və akkreditiv hesablarda istifadəsiz saxlanması ilə nəticələnib.
Yoxlamada aşkar edilib ki, malların mədaxil və məxaric sənədlərinin düzgünlüyü, tərəflərin öhdəlikləri, müqavilələrin icrası vəziyyəti ilə bağlı toplanmış audit sübutları ilə bəzi müqavilələr üzrə öhdəliklər tam yerinə yerinə yetirilmədən vəsaitlər ödənilib.
Nazirlik dövlət satınalmalarını planlaşdırmadığına görə, bəzi hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatı dəyişdirilib.
Ümumilikdə dövlət büdcəsi xərclərinin 1 milyon 283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə səbəb olub.
Bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri dəyişdirilməklə 1 milyon 944,7 min manat vəsait istifadə edilib.
Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadəsinə şərait yaradılıb.
Yoxlama zamanı bəzi sənədlər təqdim edilə bilmədiyinə görə, 563,9 min manatın icrasının nə qədər əsaslı olduğunu qiymətləndirmək mümkün olmayıb.