Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq Azərbaycanın 2025-ci il dövlət büdcəsinin layihəsinə Azərbaycan Hesablama Palatasının Rəyi müzakirə olunub.
Hesablama Palatası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda audit keçirəcək
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, Rəy 2025-ci il üçün dövlət büdcəsinə dair Qanun layihəsinin və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir. Rəyin hazırlanması zamanı INTOSAI-P 1 – Lima Bəyannaməsinin 2-ci maddəsinin tələbləri (pre-auditə dair) nəzərə alınıb, mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından da istifadə olunub.
Müzakirələrdə Rəyin hər bölməsində əks olunan əsas məsələlərə, aparılmış qiymətləndirmələrin nəticələrinə, verilmiş tövsiyələrə diqqət yetirilib. Müzakirələrin nəticəsinə əsasən Rəyin təsdiq olunması və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul olunub.
Daha sonra iclasda “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət vəsaitinin istifadəsi və idarə olunması üzrə uyğunluq auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.
Qeyd olunub ki, aparılmış auditlə Agentliyin funksional fəaliyyətini yetərli tənzimləyən, gəlir və xərclərini təsdiqləyən hüquqi aktın olmaması, tabeliyində və strukturunda olmayan qurumlara vəsaitlərin xərclənməsi, sığorta vəsaitlərinin bir hissəsinin digər məqsədlərə yönəldilərək təyinatı üzrə istifadə edilməməsi, dövlət əmlakı barədə səlahiyyətsiz sərəncam verilməklə tibbi sığorta vəsaitləri hesabına əsas vəsaitlər alınaraq və ya əsaslı vəsait qoyuluşu hesabına tikilməli olan tikinti obyektinə vəsait xərclənərək formalaşmış aktivlərin qanunsuz olaraq digər qurumun balansına və istifadəsinə verilməsi halları müəyyən edilib.
Bununla yanaşı, tibbi-iqtisadi ekspertiza üçün müəyyən edilmiş tələblər pozularaq müvafiq vəzifələrə tələbləri ödəməyən şəxslərin işə götürüldüyü, tibbi-iqtisadi ekspertizanın düzgün aparılmadığı və göstərilmiş tibbi xidmətlərin dəyərindən artıq vəsaitin ödənildiyi, donor saylarının artıq göstərilərək artıq vəsait alındığı, hesabat təqdim edilmədiyi halda tibb müəssisələrinə vəsaitlərin köçürüldüyü, digər qurum və hüquqi şəxs tərəfindən alınmış avadanlıqların əlavə dəyər vergisinin, habelə tibbi məhsulların və avadanlıqların, xidmətlərin dəyərinin tibbi sığorta vəsaitləri hesabına ödənildiyi, vergi öhdəliklərinin vaxtında icra edilmədiyi, işçilərlə hesablaşmalarda artıq ödənişlərə yol verildiyi, eləcə də bir sıra digər hüquq pozuntularına yol verilməsi ilə müşayiət olunan tapıntılar aşkar edilib.
Kollegiya müzakirəsinin yekununda yüksək məbləğlərlə ifadə olunan və müvafiq hüquqi məsuliyyətə səbəb olan pozuntulara yol verilməsi halları nəzərə alınaraq, auditin nəticəsi barədə materialların aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanına göndərilməsi haqqında qərar qəbul edilib.