Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi çərşənbə günü keçirdiyi iclasda yenidən maliyyələşdirmə dərəcəsini illik 10,5% səviyyəsində saxlamaq qərarına gəlib.
Eləcə də bax: Gürcüstanda iqtisadi artım Azərbaycandan - İKİ DƏFƏ ARTIQ OLUB
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
“2 fevral 2022-ci il tarixində Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi yenidən maliyyələşdirmə dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib. Pul siyasəti dərəcəsi 10,5% təşkil edir”, - deyə məlumatda bildirilir.
Milli Bank iddia edir ki, 2021-ci ilin dekabrında Gürcüstanda illik inflyasiya 13,9% təşkil edib. Tənzimləyici inflyasiyanın yazdan etibarən davamlı şəkildə azalmağa başlayacağını və ilin sonuna kimi 3%-lik hədəfə çatacağını gözləyir.
“Son aylarda həm baza, həm də aylıq inflyasiya stabilləşmənin ilkin əlamətlərini göstərdi. Mövcud proqnozlara görə, bu ilin yazından etibarən inflyasiyanın tədricən azalmağa başlayacağı və ilin sonuna kimi hədəfə yaxınlaşacağı gözlənilir. Müvəqqəti amillərin aradan qalxması və fiskal konsolidasiya ilə birlikdə sərtləşdirilmiş pul siyasəti inflyasiyanın azalmasına kömək edəcək”, - deyə Milli Bank əlavə edib.
Pul siyasəti komitəsinin əvvəlki iclası 2021-ci il dekabrın 8-də baş tutub, o zaman uçot dərəcəsinin illik 10%-dən 10,5%-ə qaldırılması barədə qərar qəbul edilib. Növbəti iclas martın 30-na təyin edilib. (Marja)