Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi çərşənbə günü keçirdiyi iclasda yenidən maliyyələşdirmə dərəcəsinin illik 10%-dən 10,5%-ə qaldırılması barədə qərar qəbul edib.
Eləcə də bax: Gürcüstan gələn il 6 faizlik - İqtisadi Artım Gözləyir
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
“Pandemiya ilə bağlı yaranmış fövqəladə vəziyyət qlobal iqtisadiyyatda bir çox problemlərə səbəb olub ki, onların arasında yüksək inflyasiya xüsusilə vacibdir. Müvafiq olaraq, artan inflyasiya Gürcüstan üçün də son dövrün ən mühüm problemlərindən biri olaraq qalır. Bu amilləri nəzərə alaraq, komitə pul siyasətinin əlavə sərtləşdirilməsi barədə qərar qəbul edib və uçot dərəcəsini 10,5%-ə qaldırıb”, - tənzimləyici bildirib.
Milli Bank iddia edir ki, noyabrda Gürcüstanda illik inflyasiya 12,5% təşkil edib ki, bu da yüksək göstəricidir. Tənzimləyici qarşıdakı aylarda inflyasiyanın artmağa davam edəcəyini gözləyir, lakin 2022-ci ilin yazından etibarən davamlı şəkildə azalmağa başlayacaq.
Pul siyasəti komitəsinin bundan əvvəlki iclası oktyabrın 27-də keçirilib və həmin iclasda uçot dərəcəsinin 10% səviyyəsində saxlanılması qərara alınıb. Növbəti iclas 2 fevral 2022-ci il tarixinə təyin edilib. (Marja)