2025-ci ilin birinci yarımilində dövlət büdcəsinin gəlirləri əsasən vergi, Dövlət Neft Fondundan transfert və gömrük daxilolmaları hesabına formalaşıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Hesabat dövründə vergi orqanlarının xətti ilə büdcəyə 8 milyard 703,7 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 466,4 milyon manat və ya 5,7% çoxdur. Bu göstərici, həmçinin 2024-cü ilin eyni dövrü ilə müqayisədə 421,7 milyon manat və ya 5,1% artım deməkdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 240,5 milyon manat transfert edilib. Bu rəqəm proqnozla eyni səviyyədə olsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 850,0 milyon manat və ya 13,3% çoxdur.
Gömrük orqanlarının xətti ilə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edib. Bu, proqnozu 4,1 milyon manat (0,1%) üstələsə də, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 161,1 milyon manat və ya 5,0% azdır.
Hesabat dövründə digər mənbələrdən də büdcəyə vəsaitlər daxil olub:
Sair daxilolmalar: 434,5 milyon manat. Proqnoza nisbətən 314,1 milyon manat (3,6 dəfə) çox, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 25,8 milyon manat (6,3%) çox vəsait daxil olub.
Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar: 312,2 milyon manat. Proqnoza qarşı 84,9 milyon manat (21,4%) az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 70,7 milyon manat (29,3%) çox vəsait təmin edilib.
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar: 21,9 milyon manat. Proqnoza qarşı 5,1 milyon manat (30,4%) çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,0 milyon manat (22,3%) çox vəsait yığılıb.