Gələn ildən Azərbaycanda banklarının xarici valyutada istehlak kreditləri verməsi məhdudlaşdırılacaq.
FED.az-ın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.
ELƏCƏ DƏ BAX: Banklarda dollar-avro neçəyədir? – YENİLƏNİB
Dekabrın 29-da qüvvəyə minən və faktiki olaraq gələn ildən tətbiq olunacaq Qaydalara əsasən xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək.
Eyni zamanda xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri veriləcək.
KTN əmsalı kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Sadə dillə desək, əgər şəxsin xarici valyutada gəliri yoxdursa, ancaq həmin bankda xarici valyutada depoziti, əmanət varsa, maksimum həmin depozitin 90%-i həcmində xarici valyutada istehlak krediti verilə biləcək. Tutaq ki, bir şəxsin bankda 10 min dollar depoziti varsa, ona həmin bankda maksimum 9 min dollar istehlak krediti verilə bilər.
Bank metalları isə beynəlxalq standartlara uyğun yük-sək əyər göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələrdir. Əgər şəxs banka 10 min dollar dəyərində bank metalları girov qoyarsa, bunun müqabilində maksimim 9 min dollar istehlak krediti ala biləcək.
Gələn ildən dollarla kreditlər – MƏHDUDLAŞDIRILACAQ
19:14
13 Dek 2018