Dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün dövlətin adından yaradılan 52 publik hüquqi şəxsə toplam olaraq 2024-cü ilin dövlət büdcəsində 534,2 milyon manat vəsait yönəldiləcək.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü illə müqayisədə 89,8 milyon manat və ya 20,2 faiz çoxdur.
Belə ki, dövlət büdcəsinin müvafiq olaraq elm köməkçi bölməsində 10 publik hüquqi şəxs üzrə 22,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsində 1 publik hüquqi şəxs üzrə 84,0 milyon manat, təhsil bölməsində 3 publik hüquqi şəxs üzrə 8,0 milyon manat, səhiyyə bölməsində 1 publik hüquqi şəxs üzrə 6,0 milyon manat, sosial müdafiə və sosial təminat bölməsində 2 publik hüquqi şəxs üzrə 143,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət bölməsində 12 publik hüquqi şəxs üzrə 65,0 milyon manat, mənzil və kommunal təsərrüfatı bölməsində 3 publik hüquqi şəxs üzrə 23,8 milyon manat, ətraf mühitin mühafizəsi bölməsi üzrə 1 publik hüquqi şəxs üzrə 3,5 milyon manat, iqtisadi fəaliyyət bölməsində 21 publik hüquqi şəxs üzrə 177,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsində 1 publik hüquqi şəxs üzrə 1,2 milyon manat vəsait proqnozlaşdırılıb.
Artım əsasən 2023-cü ildə 3 yeni publik hüquqi şəxsin təsis olunması və dövlət sifarişi ilə bir sıra zəruri tapşırıqların sayının və maliyyə tutumunun artması ilə bağlıdır.