Funt sterlinqin məzənnəsi 1985-ci ildən bəri dollar qarşısında ən aşağı səviyyəyə düşüb.
Eləcə də bax: Azərbaycanda avronun və funtun məzənnəsi - SON 6 İLDƏ ƏN AŞAĞI HƏDDƏ
FED.az xəbər verir ki, Böyük Britaniyanın rəsmi valyutasının dəyəri 1,2296 dollara geriləyib. 2022-ci ilin əvvəlində funt-sterlinq 1,34 dollara bərabər idi.
Funtun məzənnəsinin düşməsi çərşənbə günü ABŞ-da baza faiz dərəcəsinin artırılması fonunda güclənib. Ötən gün ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini ardıcıl üçüncü dəfə 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb.
Valyuta məzənnəsinə təzyiq Böyük Britaniyada cümə gününə planlaşdırılan aralıq büdcənin elanı ilə də əlaqədardır. “The Times” qəzetinin yazdığına görə, büdcə layihəsi, baş nazir Liz Trussın seçkiqabağı vergiləri azaltmaq vədlərini, eləcə də elektrik enerjisinin qiymətlərini dondurmaq planlarını əks etdirəcək. Ekspertlər vurğulayırlar ki, yaxın illərdə Britaniya büdcəsində 100 milyard funt-sterlinq həcmində kəsir yarana bilər.
İngiltərə Mərkəzi Bankının ABŞ Fed-in yolunu izləyəcəyi və cümə axşamı günü faiz dərəcəsini 75 bənd artıraraq 2,5%-ə qaldıracağını açıqlayacağı gözlənilir. Bu, funt sterlinqin kəskin ucuzlaşdığı 1992-ci ildəki "Qara Çərşənbədən" bəri ən böyük artım olacaq.
Uçot dərəcəsinin artırılmasının köməyi ilə tənzimləyici inflyasiyanı cilovlamağa çalışır ki, bu da öz hesablamalarına görə ilin sonuna kimi 13%-ə çatmalıdır. Rusiya ilə Qərbin qarşıdurması fonunda Avropa qazının rekord qiymətləri hesabına elektrik enerjisinin bahalaşması ölkədə inflyasiyanı sürətləndirir. (Marja)