Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" İsrailin "A+" kredit reytinqinin proqnozunu geosiyasi risklərə görə "mənfi"yə (neqativ) dəyişib.
Şekel dollar qarşısında 2015-ci ildən bəri - Ən Aşağı Səviyyəyə Düşdü
FED.az xəbər verir ki, "Fitch"in yaydığı açıqlamada, İsrail-Fələstin münaqişəsindən qaynaqlanan geosiyasi risklərin İsrailin uzunmüddətli yerli və xarici valyutada kredit reytinqinin "mənfi" monitorinq üzərində qurulmasına səbəb olduğu bildirilib.
Açıqlamada qeyd edilib ki, neqativ monitorinq hazırkı münaqişənin genişlənərək uzun müddət ərzində çoxsaylı "aktyorlar"ın iştirakı ilə genişmiqyaslı hərbi münaqişələrə çevrilməsi riskini əks etdirir. Açıqlamada münaqişəyə regiondakı digər təşkilat və dövlətlərin də cəlb oluna biləcəyi bildirilir.
Açıqlamada vurğulanıb ki, münaqişənin bu miqyasda genişlənməsi insan itkisinə əlavə olaraq, əhəmiyyətli əlavə hərbi xərclərə, infrastrukturun məhvinə, istehlakçı və investisiya inamında davamlı dəyişikliyə və beləliklə də İsrailin kredit göstəricilərinin ciddi şəkildə pisləşməsinə səbəb ola bilər.
Açıqlamada, iqtisadiyyata və dövlət maliyyəsinə maddi və uzunmüddətli təsir göstərəcək münaqişənin əhəmiyyətli dərəcədə artmasının ölkənin kredit reytinqinin aşağı düşməsinə səbəb ola biləcəyi xəbərdarlığı edilib. (Marja)