Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) adıçəkilən Bankın ləğvedicisi təyin edilib.
"Muğan Bank"a kredit borcu olan hüquqi və fiziki şəxslərin - NƏZƏRİNƏ!
Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.
Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən xəbərə görə, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcək. "Əmanətlərin sığortalanması haqqında" Qanunun 28.3-cü maddəsinə əsasən ƏSF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı ƏSF-nin saytından əldə edə bilərsiniz.