“Hesablama Palatasının bütün hesabatlarında ən çox ciddi nöqsan satınalmalar və tender sahələrindədir”.
Hesablama Palatası ötən il 4 milyard manata yaxın vəsaitlə bağlı analitik fəaliyyət icra edib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov parlamentin plenar iclasında deyib.
“Bunlarla bağlı qanunvericilikdə nə qədər dəyişiklik etsək də, xeyri yoxdur. İkinci ən çox nöqsan isə mühasibat uçotu və hesabatlılıq sahəsindədir. Faktiki olaraq “Mühasibat uçotu haqqında” qanuna müəssisələr ciddi riayət etmir.
Bu qanun ətrafında yaranan problemlər kifayət qədər böyükdür, kadrların çatışmazlığı da özünü göstərir. Ona görə də hesabatlılıqda çox ciddi problemlər yaradır.
Üçüncü nöqsan isə yoxlamanın əhatə dairəsidir. Hesablama Palatası təxminən 15 milyarda yaxın vəsaiti əhatə edib. Bizdə dövlət büdcəsi 36 milyarddan çoxdur. 40 faizə yaxın vəsait yoxlamada əhatə olunub. Hesablama Palatasında auditorların sayı aşağıdır. İnformasiya texnologiyalar sahəsindən də istifadə edərək bu sahəni genişləndirmək lazımdır”, - deyə deputat vurğulayıb.