Azərbaycanda bankda böyük əmanəti olan şəxslər bu pulu qazandlıqları kimi, onu idarə etməyi də bacarırlar.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov əmanətlərin sığortalanması ilə bağlı dəyişikliklər barədə danışında bildirib.
Eləcə də bax: Banklardakı 100 min manatdan yuxarı olan əmanətlərin cəmi məbləği - Açıqlandı
Baş bankir bildirib ki, Azərbaycanda bank əmanətlərinin sığortalanması üçün nəzərdə tutulan 100 min manatlıq məbləğ qonşu ölkələrlə, o cümlədən Rusiya və Türkiyədən qa-qat artıqdır: «Yeni təqdim olunan sistem çox səmərəlidir. Sistemə əsasən, əhalinin demək olar ki, 99,8 faizinin əmanətləri tam sığortalanır»-deyə Elman Rüstəmov bildirib.
Bankirin sözlərindən məlum olub ki, bankda əmanəti olanların 0,2%-nin əmanəti tam qorunmur. Amma onlar üçün də təhlükə demək olar ki, yoxdur. «Qalan 0,2 faiz insanların isə maliyyə bilikləri çox yüksəkdir. Belə insanlar əllərində olan vəsaiti qazandıqları kimi, idarə etməyi də bacarırlar və onlarla bağlı heç bir problem görmürəm. Amma onların da əmanətlərinin yüksək məbləğdə, məsələn, 100 min manat hissəsi sığortalanır».
Baş bankir bir də təkrar edib ki, əsas məsələ, əhalinin 99,8 faizinin əmanətlərinin tam sığortalanmasıdır: «Bizdə 7 milyona yaxın əmanətçi var. Bunların çox böyük hissəsi kiçik və orta əmanətçilərdir».
Elman Rüstəmov vurğulayıb ki, əmanətlərin tam sığortalanması dövlət siyasəti kiçik əmanətçilərin qorunmasına yönəldilib: «Yüksək gəlirli əmanətçilər isə maliyyə cəhətdən daha savadlı olduqlarından, onların əmanətlərinin qorunmasında heç bir problem yoxdur».