Azərbaycanın qiymətli kağızlar bazarında əmanətlərin sığortalanması mexanizminə bənzər mexanizm tətbiq ediləcək. Belə ki, əhalinin qiymətli kağızlara yatırdığı sərmayə sığortalanacaq. Məqsəd əhalidə kifayət qədər böyük məbləğdə olan vəsaitlərin bir hissəsini kapital bazarları vasitəsilə iqtisadiyyta cəlb etməkdir.
"Mərkəzi Bank kapital bazarları daxil, "Maliyyə sektorunun inkişafı üzrə Starategiya" üzərində çalışır".
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında Bankın Baş direktoru Əli Əhmədov bildirib.
"Biz həm qanunvericilik sahəsində, həm də infrastruktur sahəsində layihələr üzərində çalışırıq. Onlardan biri istiqrazlara zəmanət verilməsi mexanizmidir. İstiqrazlara zəmanətin verilməsi bazarda aktivliyi artıracaqdır. Eyni zamanda, investorların sığortalanması mexanizmi üzərində də çalışırıq. Bu layihə - əgər bazarda müəyyən hadisələr baş verərsə o zaman sığorta ödənişinin verilməsi investorun hüquqlarının müdafiəsini artıracaqdır", - Mərkəzi Bankın Baş direktoru deyib.
Mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov da, "Biz fərdi investorların sığortalanması mexanizmi üzərində çalışırıq. İnvestorlar rahat olmalıdırlar ki, onların vəsaitləri investisiya şirkətlərinin müflis olmasından sığortalıdır" deyib.