Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112.5 milyard manata, xərclərinin isə 107.9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Gələn il büdcədə neftin qiyməti məlum oldu – HÖKUMƏTƏN EHTİYATLI ADDIM
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”da bildirilir.
Proqnozda bildirilir ki, əhalinin nominal gəlirləri 2025-ci ildə 90,1 mlrd. manat təşkil edəcək.
Orta aylıq əmək haqqı isə 2025-2028-ci illərdə müvafiq olaraq 1 080.1 manat, 1 156.4 manat, 1 237.9 manat və 1 326.4 manat olacaq.
1 avqust 2024-cü il tarixinə əsasən Azərbaycanda orta aylıq əməkhaqqı 1 002.4 manatdır. Hökumətin proqnozu gerçəkləşərsə 2028-ci ilə qədər orta aylıq əməkhaqqı təqribən 32 faiz artmış olacaq.
Bununla belə, Nazirliyin növbəti illər istehlak qiymətlərinda illik artım proqnozu 5 faizin altında olacaq. İstehlak qiymətləri indeksi və ya inflyasiya qidadan nəqliyyat xərclərinə qədər hesablayan mühüm indikatordur. Beləliklə, üst-üstə növbəti 4 ildə Azərbaycanı 16.2 faiz qiymət artımı gözləyir. Lakin bu İqtisadiyyat Nazirliyi tərəfindən manatın dollara nisbətdə olan sabit məzənnəsi və makroiqtisadi reallıqlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Nazirlik, 2028-ci ilə qədər manatın “lövbər” məzənnədə, yəni dollar/manat kursunun 1.7000-da qalacağını öngörür.
Proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70.0 ABŞ dolları və 2026-2028-ci illər üçün 65.0 ABŞ dolları fərz edilib. Təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242.0 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236.0 ABŞ dolları olaraq götürülmüşdür.
Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129.2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92.2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150.8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117.2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3.35 faiz, qeyri-neft/qaz ÜDM-in 5.0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0.3 faiz artacağı proqnozlaşdırılır.