Əfqanıstanın bank sistemi əmanətlərin kütləvi çıxarılması, tədavüldə pul və valyuta çatışmazlığı, həmçinin problemli kreditlərin sayının artması ilə üzləşib.
Eləcə də bax: Əfqanıstanda xarici valyutalar - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı bazar ertəsi xəbərdarlıq edib ki, bu cür tendensiyalar ölkənin bank sisteminin tamamilə dağılması təhlükəsi yaradır.
"Əfqanıstanda maliyyə sistemi və bank köçürmələri sistemi qeyri-mütəşəkkildir. İstehsal sektorunun perspektivlərini yaxşılaşdırmaq və bank sisteminin çökməsinin qarşısını almaq üçün əhalinin bank əmanətlərinin kütləvi şəkildə çıxarılması problemi dərhal həll edilməlidir",- təşkilatın hesabatında deyilir.
Belə bir ssenarinin sosial-iqtisadi nəticələrinin çox böyük olacağı, o cümlədən qaçqınların sayının artması ehtimalı və bankların bərpasının onilliklər çəkə biləcəyi vurğulanır.
BMT-nin Əfqanıstan üzrə İnkişaf Proqramının rəhbəri Abdulla əl-Dərdari bildirib ki, vəziyyəti Taliban hərəkatının və onun liderlərinin beynəlxalq hüquqi mövqeyi daha da gərginləşdirir. Taliban hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq inkişaf yardımı şəklində maliyyə axını dayanıb, İslam Respublikasının xarici hesabları dondurulub.
Əfqanıstan banklarının likvidliyi valyuta yardımlarından asılı idi. Belə şəraitdə əhali əmanətlərini evdə saxlamağa üstünlük verir. (Marja)