Rusiya və Ukrayna arasında gedən müharibənin Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcəyi gözlənilir.
Eləcə də bax: "Rusiyaya qarşı sanksiyalar Azərbaycanın qeyri-neft ixracını azalda bilər"
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında deyilir.
Maliyyə institutunun iqtisadçılarının fikrincə, sözügedən təsir özünü ölkənin qeyri-neft ixracı üçün potensial bazar itkilərində, əsas idxal mallarına çıxışında, inflyasiya və aktivlərin itirilməsində büruzə verəcək.
Bank bildirir ki, Azərbaycanın qeyri-neft ixracının nisbətən kiçik olması ilə yanaşı, Rusiya bu ixracın əsas istiqamətidir və 2021-ci ildə ölkənin qeyri-neft sektoru üzrə ixracının 32%-i və ya ümumi ixracın 4%-i (ÜDM-in 2,5%-i) Rusiyanın payına düşüb.
"Qeyri-neft ixracının əsası ərzaq məhsullarıdır və bu məhsulların ticarəti son beş ildə əhəmiyyətli dərəcədə artıb. Rusiya bazarının digər ixracatçılara bağlanacağı təqdirdə bazar payını genişləndirmək imkanları olsa da, rublun dəyərsizləşməsi Rusiya tərəfindən tələbi aşağı sala bilər", - bankın hesabatında bildirilir.
İdxala gəldikdə, bank tərəfindən qeyd edilir ki, Azərbaycan Rusiya və Ukraynadan buğda idxalından asılıdır və bu, xüsusilə yoxsul əhali arasında ərzaq təhlükəsizliyi üçün potensial risklər yaradır. Bundan əlavə, qlobal ərzaq qiymətlərinin artması yüksələn daxili ərzaq inflyasiyasını artıracaq.
Dünya Bankının gözləntilərinə görə, müharibə və sanksiyalar fonunda Rusiya və Ukraynaya Azərbaycan investisiyalarının həcmi azalacaq.
Xatırladaq ki, Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul buğdadır. Ötən il Azərbaycana Rusiyadan 315,192 mln. ABŞ dolları (535,826 mln. manat) dəyərində 1 094 236,81 ton buğda tədarük olunub. Ukraynaya gəldikdə, ölkənin Ukraynadan ən çox idxal etdiyi məhsullar emal olunmuş çəkməli tütün və ət olub. 2021-ci ildə ölkə Ukraynadan 65,284 mln. dollarlıq (110,982 mln. manat) 4 466,95 ton emal olunmuş çəkməli tütün və 42,275 mln. dollarlıq (71,867 mln. manat) 24 591,39 ət idxal edib. (Apa)