Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və xüsusən ərzaq məhsullarının ixracına müəyyən edilmiş məhdudiyyətlər və qadağalar Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.
Eləcə də bax: Ukraynada baş verənlər bəşəriyyəti aclığa sürükləyəcək – “The Guardian”
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın idxalında ən böyük tərəfdaşdır, ölkələr arasında ötən il ticarət dövriyyəsi 3 mlrd. dollara yaxın olub və bu məbləğin 2,1 mlrd. dollarlıq hissəsini idxal təşkil edib.
"Gözlənilir ki, Rusiyaya göndərilən və Rusiyadan idxal edilən məhsulların həcmi azalacaq. Eləcə də Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşdır. Azərbaycanın 2,7 mlrd. dollarlıq qeyri-neft ixracının 32,3%-i Rusiyanın payına düşür. Bu kontekstdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanın qeyri-neft ixracına təsir edəcək və Azərbaycanın qeyri-neft ixracatında müəyyən azalmalar mümkündür", - deputat bildirib.
V. Bayramov qeyd edib ki, Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul olan buğdanın ümumi idxal dəyəri il ərzində orta hesabla 300 mln. dollardan artıq təşkil edir. Bundan əlavə, Azərbaycanın Rusiyaya göndərdiyi məhsullar içərisində kənd təsərrüfatı məhsulları öndədir – Azərbaycan ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 65%-i Rusiya bazarına göndərilir.
Bunu nəzərə alaraq, deputat vurğulayıb ki, yeni bazarların və yeni idxal mənbələrinin tapılması və əvəzlənməsinə ehtiyac var.
"Demək olar ki, Azərbaycanda buğdaya tələbin 60%-i yerli, 40%-i isə idxal hesabına ödənilir. Bu səbəbdən həmin 40%-də çətinliklərin yaranmaması üçün yeni alternativ bazarların tapılması çox vacibdir. Eyni zamanda, strateji baxımdan istehsalın genişləndirilməsi və yerli istehsal hesabına tələbin ödənilməsinə ehtiyac var", - millət vəkili deyib.
V. Bayramov əlavə edib ki, bütövlükdə sanksiyalar MDB və qonşu ölkələrə təsir edəcək və Azərbaycan da daxil olmaqla digər MDB ölkələri də sanksiyalar və xüsusən xarici ticarət dövriyyəsinə təsirləri minimallaşdırmaqla bağlı addımların intensivləşdirilməsi və yerli istehsalı hesabında tələbin ödənilməsinə nail olmaq olduqca vacibdir.
Xatırladaq ki, ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2,995 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,1% çoxdur. Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul buğdadır. Ötən il Azərbaycana Rusiyadan 315,192 mln. ABŞ dolları (535,826 mln. manat) dəyərində 1 094 236,81 ton buğda tədarük olunub. (Apa)