Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
2025-ci ilin dövlət büdcəsi rəqəmləri açıqlandı – İLK DƏFƏ OLARAQ XƏRCLƏR AZALDI
FED.az xəbər verir ki, məlumatda bildirilir:
Dövlət büdcəsi
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174,3 milyon manat olmuş, 2 milyard 562,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
Dövlət büdcəsinin gəlirləri
2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27 milyard 683,6 milyon manat proqnoza qarşı 27 milyard 737 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5 milyard 660,6 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18 milyard 151,3 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12 milyard 30,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9 milyard 585,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 250 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşmüşdür.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16,0 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,9 faizini və ya 8 milyard 409,7 milyon manatını vergi və dövlət rüsumları üzrə daxilolmalar, 33,9 faizini və ya 4 milyard 931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,4 faizini və ya 491,6 milyon manatını sair daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3 faiz az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 260,3 milyon manat və ya 47,6 faiz çoxdur.
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 3 milyard 620,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 9 milyard 585,7 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşmüşdür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 faizi və 1 milyard 729,7 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8 faizi və ya 1 milyard 333,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 15,4 faizi və ya 558 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin xərcləri
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25 milyard 174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15 milyard 459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 341,3 milyon manat və ya 9,5 faiz çox), 8 milyard 419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1 milyard 295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1 milyard 405 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3 milyard 83,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4 milyard 509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3 milyard 361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2 milyard 931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1 milyard 941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5 milyard 592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73 faiz icra edilməklə 177 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil etmişdir.
2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilmişdir.
Ehtiyat fondlarının xərcləri
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 41,5 milyon manat vəsaitin 31,3 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 75,4 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 82,3 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 58,6 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 71,2 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilmişdir.
İcmal büdcə
2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37 milyard 141,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çox, xərcləri isə 28 milyard 472,2 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8 milyard 669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.