Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsinin ilkin göstəriciləri (bunu hələ parlament və dövlət başçısı təsdiq etməlidir – FED.az) açıqlanıb.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, dövlət büdcəsinin xərcləri isə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır.
2025-ci ildə büdcənin gəlirləri 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz artıqdır.
2025-ci ildə dövlət büdcəsinin xərcləri isə 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 74,7 milyon manat və ya 0,2 faiz azalacaq.
2025-ci ildə dövlət büdcəsinin kəsiri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 302,7 milyon manat və ya 9,0 faiz az olmaqla 3 milyard 051,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2024-cü illə müqayisədə 0,4 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.