Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar açıqlanıb.
Eləcə də bax: Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına - MÜRACİƏT EDİB
Maliyyə Nazirliyindən FED.az-a daxil olmuş məlumata görə, 2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.
Nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.
Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub. Həmçinin, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aparılan nəzarət tədbirləri zamanı bir neçə müəssisə və təşkilata qabaqcadan ödənilmiş vəsaitlərin müqabilində material qiymətlilərinin alınmaması və xidmətlərin yerinə yetirilməsinə dair təsdiqedici sənədlərin olmaması, həmçinin bir xidmətin yerinə yetirilməsinə dair sənədləşmə aparılmaqla xeyli məbləğdə artıq vəsaitin podratçı şirkətin hesabına köçürülməsi, Nazirliyin tabeçiliyində olan mədəniyyət obyektlərinə satın alınaraq təhvil verilməsi nəzərdə tutulan material qiymətlilərinin xeyli hissəsinin həmin obyektlərə ümumiyyətlə verilməməsi və onların balansa qəbul edilməməsi nəticəsində büdcə vəsaitlərinin Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təyinatından yayındırıldığı müəyyən edilib.
Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən yerinə yetirilməsi sənədləşdirilmiş bəzi xidmətlərlə bağlı aidiyyəti işçilər izahatlar təqdim edərək həmin xidmətlərin faktiki olaraq yerinə yetirilmədiyini və bu xidmətlərə görə özəl qurumlara köçürülən vəsaitlərin nağdlaşdırılaraq Nazirliyin məsul şəxslərinə verildiyini, sənədlərə isə tapşırıq əsasında imza etdiklərini bildiriblər.
Mədəniyyət Nazirliyinin sifarişləri əsasında tabeçiliyindəki mədəniyyət obyektlərində təmir-tikinti işlərinin aparılmasına dair sənədlərin yoxlanılması zamanı isə işlərin həcminin əsassız olaraq şişirdildiyi və podratçı şirkətlərə real iş həcmlərinin dəyərindən artıq böyük məbləğdə büdcə vəsaitinin köçürüldüyü aşkar edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində aparılan nəzarət tədbirləri nəticəsində dövlət büdcəsində dəftərxana və təsərrüfat mallarının alınması üçün nəzərdə tutulmuş vəsaitin satıcı təşkilatların hesablarına köçürülməsinə baxmayaraq, həmin malların, habelə mətbəə blanklarının bir hissəsinin faktiki olaraq alınmadığı aşkar olunub. Həmçinin, sözügedən Nazirlikdə istifadə olunan kompüter avadanlığı və texniki vasitələr üçün ehtiyat hissələrinin, habelə hədiyyə və suvenirlərin alınması məqsədilə köçürülmüş vəsaitin müqabilində həmin material qiymətlilərinin xeyli hissəsinin faktiki olaraq alınmadığı, bankdan çıxarılaraq Nazirliyin kassasına mədaxil edilən büdcə vəsaitinin bir hissəsinin xərclənməsinə dair sənəd olmadığı halda isə məxaric edilməsi yolu ilə əsassız xərcləndiyi müəyyənləşib.
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyində aparılan nəzarət tədbiri ilə Səfirlikdə mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsinin həmin müəssisələrin rəhbərləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbər işçilərinə qaytarılması, sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilməsi, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.
Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlərin uzun müddət davam etdirilməsi, xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyalarının ödənilməsi, pensiya təyinatı aparılarkən iş stajının bilərəkdən artıq göstərilməsi, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kəlbəcər Rayon Təhsil Şöbəsində sinif komplektlərinin artıq saxlanıldığı, müəllimlər tərəfindən sinif jurnallarında dərslərin keçirilməsi barədə qeydlər olmadığı, habelə məktəblərdə sinif otaqlarının sayı imkan vermədiyi halda dərslərin keçirilməsi adı ilə müəllimlərə əməkhaqqı ödənildiyi aşkar olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsasız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində aparılan nəzarət tədbiri üzrə Cəmiyyət tərəfindən müvafiq müəssisələrdən satın alınmış iplik xammalın vahidinin qiymətinin digər müəssisələrin təklif etdiyi eyni keyfiyyətli iplik xammalın qiymətindən çox yüksək olması, tikinti işlərində istifadə edilən materialların qiymətlərinin bazar dəyərindən çox göstərilməsi,
Cəmiyyətin 20 rayonda xalça toxuma emalatxanasının, yun tədarükü məntəqələrinin və Yunəyirici-Boyaq Fabrikinin tikintisində iş həcmlərinin şişirdildiyi və bu yolla podratçı təşkilatlara xeyli məbləğdə artıq vəsaitin ödənildiyi aşkarlanıb.
Yevlax rayonunun Aran bələdiyyəsində kassadan nağd pulun əsassız olaraq məxaricə silindiyi, icarəyə verilmiş bələdiyyə torpaqlarından toplanmış icarə haqlarının bələdiyyənin hesabına mədaxil olunmadığı və təyinatından yayındırıldığı müəyyən edilib.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı müxtəlif obyektlərdə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.
Xidmət tərəfindən aparılan nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitlər məsul vəzifəli şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslər tərəfindən nağd qaydada dövlət büdcəsinə ödənilməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda müvafiq dövlət orqanları tərəfindən davam etdirilir.