“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını apreliın 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
FED.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında hesabat;
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
"Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.
Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur", - müraciətdə qeyd olunub.