Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat olub.
Eləcə də bax: Hesablama Palatası ötən il uyğunluq auditi üzrə 34 milyon manat vəsaiti - BƏRPA EDİB
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, hesabat ilinin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarət (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib, həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin edilib. Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub. Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata daxil ediləcək.
Bildirilib ki, nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası ilə bağlı Hesablama Palatasının Kollegiyası tərəfindən birbaşa tədbirlər müəyyən edilməyən hissə 44,4 milyon manat təşkil edir. Bundan 14,1 milyon manat məbləğində vəsaitin tam bərpası bir neçə səbəbdən Kollegiya tərəfindən mümkün hesab edilməyib, qalan hissə isə digər maliyyə pozuntuları ilə əlaqəli olub. Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb. (Apa)