İsveçrənin Credit Suisse (CS) bankı UBS ilə birləşməsinin bu ilin sonuna qədər tamamlanacağını gözləyir.
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, Martın 19-da İsveçrənin mərkəzi bankı ölkənin ən böyük bankı UBS-nin çətin vəziyyətdə olan Credit Suisse-i 3 milyard frank (3,2 milyard dollar) qarşılığında almağa razılaşdığını açıqlayıb.
Credit Suisse bildirib ki, birləşmə iki qlobal bankı "bir-birini tamamlayan güclü tərəflər və bir-birinin biznesini dərindən anlaması ilə" bir araya gətirəcək. "Birləşmənin 2023-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir".
Credit Suisse-in fəaliyyətini davam etdirəcəyi vurğulanır. Müştərilərə müraciət edən bank bildirir ki, “heç bir tədbir görməyə” ehtiyac yoxdur.
"Bank məhsullarınızın istifadəsi və onların müqavilə şərtləri ilə bağlı hazırda heç nə dəyişmir. Hesablarınız və kartlarınızla bağlı bütün məhsullardan adi qaydada, eləcə də bütün onlayn və mobil bankçılıq xidmətlərindən istifadə oluna bilər".
Credit Suisse 1856-cı ildə təsis edilib. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən bankda 48 minə yaxın işçi çalışır. Martın ortalarında birjada Credit Suisse səhmlərinin dəyəri 30%-ə yaxın düşüb. Bundan əvvəl maliyyə şərhçisi Robert Kiyosaki (o, 2008-ci ildə Amerika bank nəhəngi Lehman Brothers-in dağılmasını dəqiq proqnozlaşdırmışdı) Amerikanın Silikon Vadisi Bankının iflasından sonra sıradan çıxa biləcək növbəti bankın Credit Suisse olacağını bildirmişdi. (Marja)