2023-cü ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankda 71 valyuta hərracı keçirilmiş, hərraclar zamanı 2555,7 mln. ABŞ dolları satılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Xarici valyuta satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1301,6 mln. ABŞ dolları azalmış, bu, xarici valyutaya olan tələbin azalması ilə bağlı olub.
Belə ki, AMB-nin məlumatlarına əsasən, cari ilin ötən dövrü ərzində keçirilmiş hərracların 99%-də təklif tələbi üstələmişdir. Hərraclar barədə məlumatların təhlili də orta günlük valyuta tələbinin azaldığını və ötən ilin müvafiq dövründəki 52,1 ABŞ dollarından baxılan dövrün sonuna 36,0 ABŞ dollarına endiyini göstərir.
Tələbin azalması tədiyə balansında profisitin müşahidə edilməsi ilə izah oluna bilər. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təhlili də xarici valyutaya tələbin azaldığını və banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələdiyini göstərir.
Xarici valyutaya tələbin azalması DNF-dən dövlət büdcəsinə transfert olunması nəzərdə tutulmuş vəsaitlərin əhəmiyyətli dərəcədə aşağı icrası ilə nəticələnmiş, keçirilmiş hərraclarda cəmi satış məbləğinin və DNF tərəfindən keçirilmiş satışların təhlili cari ilin avqust və sentyabr aylarında bu məbləğlərin bir-birindən fərqləndiyini göstərmişdir. Belə ki, hərraclar vasitəsilə ən yüksək valyuta satışının reallaşdığı bu ayda 452,0 mln. ABŞ dolları satılmış, bu məbləğin 93,9 mln. ABŞ dollarına bərabər olan hissəsi DNF vəsaitlərindən ibarət olmuşdur ki, bu da sözügedən ayda hərraclarda satışın DNF-lə yanaşı, digər subyektlər tərəfindən reallaşdırıldığını göstərir. Digər tərəfdən, dövlət büdcəsinin icrası barədə təqdim edilmiş hesabatlara əsasən, avqust ayında vahid xəzinə hesabının qalığının ABŞ dollarında olmaqla idarəetməyə verilən hissəsi əhəmiyyətli azalaraq 1190,0 ABŞ dollarına enmişdir. Bu isə idarəetmədən geri çağırılan vəsaitlərin bir hissəsinin hərracda satışının keçirildiyini və bununla da DNF transfertlərinə qənaət edildiyi fikirlərini formalaşdırır.
Valyuta bazarında təklifin tələbi üstələməsi fonunda bazarda tarazlığın qorunması məqsədilə AMB valyuta bazarına alışyönlü müdaxilələr həyata keçirmiş, AMB məlumatlarına əsasən, cari ilin ötən dövründə müdaxilənin həcmi 566,0 mln. ABŞ dolları olmuş, bu məbləğin 444,0 mln. ABŞ dolları sentyabr ayının payına düşmüşdür. Bu proses AMB-nin rəsmi valyuta ehtiyatlarının artmasına da töhfə vermişdir. Bununla yanaşı, baxılan dövr ərzində dövriyyədə pul təklifinin tənzimlənməsi məqsədilə sterilizasiya əməliyyatları keçirilmiş, reallaşdırılan tədbirlər ötən dövrün əksər aylarında manatla pul bazasının həcmində azalma ilə nəticələnmişdir. Lakin fiskal stimullar fonunda valyuta bazarında tarazlığın qorunması məqsədilə alışyönlü müdaxilələrin davam edəcəyi ehtimalı pul təklifini genişləndirməklə monetar siyasətin bir qədər də sərtləşdirilməsini və sterilizasiya əməliyyatlarının həcminin yüksəldilməsini şərtləndirə bilər. Bu proses tələb kanallarını daraltmaqla iqtisadi aktivliyin təmin olunmasına təsir edə bilər.