Beynəlxalq Valyuta Fondunun (BVF) son oktyabr proqnozlarına görə, bu ilin sonunda MDB regionunda (Gürcustan və Ukrayna daxil olmaqla) ən yüksək büdcə kəsiri Gürcustanda gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu il Gürcustanın konsolidə edilmiş dövlət büdcəsində ÜDM-in 6,5%-i səviyyəsində kəsir yaranacaq. Bu göstərici ötən ilki 9,2%-lik kəsirdən daha nikbin görünsə də, yenə sözügedən regionda ən zəif göstəricidir.
Qeyd edək ki, ən yaxşı büdcə balansı isə bu il Rusiya və Türkmənistanda gözlənilir. Rusiyada büdcə kəsirinin ÜDM-in 0,6%-inə, Türkmənistanda 0,3%-inə bərabə olacağı gözlənilir. Bu göstərici üzrə ilk üçlüyü qapadan Azərbaycanda isə icmal büdcəsinin builki kəsiri ÜDM-in 1,8%-i səviyyəsində gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsində 3,563 mlrd. manatlıq və ya ÜDM-in 5,7%-inə bərabər profisit yaranıb. 2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-inə bərabər olub.
Azərbaycanın icmal büdcəsi üzrə layihəsinə görə, gələn il icmal büdcənin kəsiri 5,229 mlrd. manat və ya proqnozlaşdırılan ÜDM-in 6%-nə bərabər olacaq.