Azərbaycanda pandemiya zamanı fiskal siyasət lazımi qaydada yüngülləşdirilsə də, 2022-ci ildə iqtisadi böyüməyə uyğun fiskal konsolidasiyaya başlanılmalıdır.
Eləcə də bax: BVF Azərbaycanla IV maddə üzrə məsləhətləşmələri - BAŞA ÇATDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci üçün Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrinin yekun sənədində deyilir.
2021-ci ilə mülayim fiskal mövqe uyğundur və bu səbəbdən mənfi şoklar zamanı avtomatik stabilizatorların işləməsinə icazə verilməli və zərurət yarandıqda, mövcud fiskal məkan daxilində əlavə, məqsədyönlü büdcədaxili fiskal dəstək təmin edilməlidir", - sənəddə deyilir.
Fondun ekspertləri vurğulayır ki, yüksək neft qiymətlərindən əldə edilən gözlənilməz gəlirlərə qənaət edilməlidir: "Gələcəyə nəzər salsaq, davam edən genişlənmə mövqeyi de-fakto sabitliyi və fiskal dayanıqlığı qorumaqla uyğun gəlməyəcək və neft ehtiyatlarının proqnozlaşdırılan tükənməsi fonunda nəsillərarası bərabərliyə nail olmağı çətinləşdirəcək. Beləliklə, qeyri-neft büdcəsi üzrə ilkin kəsirin tədricən əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün konsolidasiya 2022-ci ildə başlamalı və uzun müddət ərzində davam etdirilməlidir. Konsolidasiyanın iqtisadi artıma mənfi təsirini azaltmaq üçün mərhələli struktur və maliyyə sektorunda islahatlar da mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, fiskal konsolidasiya büdcədə kəsirin və dövlət borcunun artmasını azaltmağa yönəlmiş fiskal siyasətdir.
Xatırladaq ki, BVF 2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-in 1,8%-nə qədər azalacağını gözləyir. 2022-ci ildə isə defisitin profisitə dəyişərək ÜDM-in 0,7%-inə bərabər olacağı proqnozlaşdırılır.
Bundan əlavə, Fond Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.