Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb.
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının Bakıda keçirilən toplantısında çıxışında bildirib.
Nazir xatırladıb ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının əsas fəaliyyət istiqaməti məhz ticarətin və özəl sektorun inkişafına kredit və zəmanət dəstəyinin göstərilməsidir. Ölkədə ciddi iqtisadi islahatların aparıldığını xatırladan nazir qeyd edib ki, Azərbaycan Hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verir: «Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb».
Nazir xatırladıb ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın yerli maliyyə bazarlarının inkişafında da iştirak edir. «2019-cu ilin 1 avqust tarixində Bakı Fond Birjasında QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilmiş və cəlb edilmiş vəsaitin özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulmuşdur. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu olub».