2022-ci ilin əvvəlindən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurası Azərbaycanda 40 milyon dollar dəyərində üç layihəni təsdiqləyib.
Eləcə də bax: "Rusiya-Ukrayna müharibəsi Qara dənizdə logistika problemi yaradıb"
FED.az xəbər verir ki, bunu bankın prezidenti Dmitri Pankin deyib.
Onun sözlərinə görə, bu layihələr enerji və maliyyə sahələrini əhatə edir.
"Hazırda bu layihələrdən yalnız biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən imzalanıb. Qalan iki layihənin 2022-ci il iyunun 24-də keçiriləcək biznes forum zamanı imzalanacağını gözləyirik", - deyə D.Pankin bildirib.
Onun sözlərinə görə, hazırda QDTİB-in Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək (47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye (4,4 faiz) ) təşkil edir.
"Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq Azərbaycanda ümumi dəyəri 500 milyon avrodan çox olan 39 layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda diqqətimizi neft-qaz sektoruna daxil olmayan kiçik və orta müəssisələrə yönəldirik. Bu həftə Azərbaycanda bir sıra şirkətlərlə görüşəcəyik və əminəm ki, bu, ölkədə biznes layihələrinin daha da inkişafına töhfə verəcək”, - QDTİB prezdenti deyib.
D.Pankin qeyd edib ki, QDTİB Azərbaycan bankları ilə iki yeni müqavilə imzalayacaq. Onun sözlərinə görə, QDTİB-in Azərbaycanda əsas prioritetləri 2019-2022-ci illər üçün strategiyada müəyyən edilib və bankın iştirakçı ölkələrdə iqtisadi inkişafı dəstəkləmək və onlar arasında regional ticarəti təşviq etmək mandatı ilə birbaşa bağlıdır.
"Biz Azərbaycanda maliyyə institutları ilə əlaqələrimizi gücləndirmişik və Azərbaycan bankları ilə iki yeni müqavilə imzalamağa hazırlaşırıq. Biz məhsul xəttimiz çərçivəsində maliyyə institutlarına maliyyə təmin etmək üçün yeni layihələri nəzərdən keçiririk, buraya ticarətin maliyyələşdirilməsini dəstəkləmək, kreditlər və zəmanətlər, lizinq, mikro, kiçik və orta müəssisələrin, “yaşıl” iqtisadiyyatı təşviq etmək üçün korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi daxildir. QDTİB üçün maliyyə vasitəçiləri ilə işləmək kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün mühüm kanal olaraq qalır”, - D.Pankin bildirib.
O qeyd edib ki, QDTİB üçün Azərbaycanda yerli valyutada maliyyələşmənin təmin edilməsi maraq kəsb edir.
"Biz başa düşürük ki, yerli valyutada maliyyələşdirmə müştərilər və bütün maliyyə sektoru üçün riskləri azaldır. QDTİB-in artıq bu sahədə təcrübəsi var. Biz, həmçinin milli kapital bazarının infrastrukturundan istifadə edərək manatla istiqrazlar buraxmışıq. Biz yerli valyutaya çıxış əldə etmək üçün alternativ variantları nəzərdən keçiririk, çünki həm maliyyə vasitəçiləri, həm də korporativ borcalanlar tərəfindən tələb böyükdür”, - deyə o bildirib.
D.Pankin əlavə edib ki, 2022-ci ildə QDTİB SOCAR-ın sponsor qismində iştirakı ilə Azərbaycanda yeni enerji layihəsi üzərində işə başlayıb, lakin bu razılaşma hələlik erkən mərhələdədir.
Onun sözlərinə görə, bank artıq bir neçə ildir ki, SOCAR və onun törəmə müəssisələri ilə uğurla işləyir.
“Bu cür əməkdaşlığın ən son nümunələri “SOCAR Türkiye”yə verilmiş kredit (2021-ci ildə tam ödənilib) və “Socar Trading”ə verilmiş dövriyyə kapitalının maliyyələşdirilməsi üçün revolver kredit xəttidir”, - deyə o sözlərini tamamlayıb. (Trend)