Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 1.8 mlrd.$ artıb, xalis maliyyə öhdəlikləri isə 0.7 mlrd.$ azalıb.
FED.az xəbər verir ki, bu, 2023-cü ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında deyilir.
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.4 mlrd.$, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 2.7 mlrd.$ olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 2.5 mlrd.$ mənfi saldo yaranmışdır. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79.2% təşkil edib. 2023-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 616.8 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 461.3 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (5 078.1 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 910.9 mln. $ olub.