Azərbaycanın dövlət şirkətləri 2023-cü ildə dövlət büdcəsinə 2022-ci illə müqayisədə 3 dəf artıq vəsait ödəməli olacaqlar.
Eləcə də bax: Gələn ilin dövlət büdcəsi üçün – 6 ƏSAS RİSK - HESABLAMA PALATASI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə dövlət büdcəsi layihəsində göstərilib. Büdcə layihəsinə əsasən, dövlət şirkətləri 2023-cü ildə büdcəyə 321,2 milyon manat vidiend ödəməlidirlər. Bu 2022-ci illə müqayisədə 3 dəfə və ya 214,7 milyon manat artıqdır. Xatırladaq ki, 2022-ci ildə dövlət şirkətlərinin dividendləri ilə bağlı proqnoz 106,5 milyon manat təşkil edir.
Palata bildirir ki, 2023-cü ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə gəlirlər ciddi artımla proqnoz edilib.
2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət şirkətləri üzrə dividend ödənişinin 200 mln. manatı Dövlət Neft Şirkətinin, 15 mln. manatı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5 mln. manatı isə "Azer Gold" QSC üzrə nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5 mln. manat nəzərdə tutulub ki, bununu da 4 milyonu ilk 8 ayda büdcəyə ödənilib.
"Aqrarkredit" QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0,2 mln. manat dividend büdcəyə ödənilib.
Ümumilikdə, 2022-ci ildə indiyədək (8 ayda) dövlət şirkətləri büdcəyə 124,7 mln. manat vəsait ödəyiblər ki, bunun da 120,5 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT, 4,0 mln. manatı isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş. Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC isə 2021-ci ildə 0,5 milyon manat xalis mənfəət əldə edib. Şirkət büdcəyə dividend ödəməyib.
Palata büdcə gəlirlərinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, "Azər Türk Bank" ASC tərəfindən bu sahədə ciddi inzibatçılıq tədbirlərinin görülməsini zəruri hesab edir. Qeyd edək ki, bəzi müəssisələr (“Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, "Azərbaycan Sənaye Korporasiyası" ASC, “Azərlotoreya” ASC) tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq bu mədaxil mənbəyi üzrə 2023-cü ildə daxilolma nəzərdə tutulmamışdır.
Eyni zamanda, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatın göstəricilərinin təhlili müvafiq müəssisədən dividend ödənişləri üzrə potensialın olduğunu göstərir. «Ümumiyyətlə, bu mənbə üzrə movcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik»-deyə palata bildirir.
Palata Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasını və fəaliyyətinin müsbət tərəflərini qeyd edib.
«Məlumatların təhlili göstərir ki, bəzi müəssisələrin idarəetməsinin də “Azərbaycan İnvestisiya Holdinqi”nə verilməsi müvafiq müəssisələr üzrə korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə mənfəətin artımına səbəb olmuşdur»-deyə qurumun rəyində bildirilir.